Tale Oyunu...

Cavid Memmedli 23/10/2012

Zülqədər bilmədi uşağın halına yansın, yoxsa öz taleyinə. Tale onunla oynayırdı. İndi də bu hadisəni qabağına çıxarmışdı. Özünün yaşadığı həyatla tam təzad təşkil edən nalayiq cavanları. Zəmanə yaman dəyişmişdi. Başını yırğalaya-yırğalaya qaldı: -“Bakının təkcə görkəmi dəyişməyib. İnsanları da fərqlidi. Yadlaşıblar.”

Zülqədər gəlinbacı “Eurovision” mahnı müsabiqəsinin eşqinə rayondan durub Bakıya gəlmişdi. Neçə il idi iş-güc imkan vermirdi. Axır vaxtlar doğmalarıyla  internet vasitəsilə əlaqə saxlayır, skaypda görüşürdü. “Allah atasını rəhmət eləsin internet çıxardanın, daha qabaqlardakı kimi poçta getməyə ehtiyac qalmır. Elə otur öyündəcə, danış istədiyin qədər”, – deyirdi qonum-qonşuya. Ötən payızdan bu yana Zülqədər gəlinbacını da yaşına görə pensiyaya göndərmişdilər. Yeni qanun çıxandan sonra müdir daha onun tənhalığını, kimsəsizliyini nəzərə ala bilməmişdi:

– Vallah gəlinbacı, imkan olsa yenə saxlayardım. Amma bu dəfə əmr böyük yerdən gəlib. Yuxarıdan gəlib yoxlasalar “yaşı səksəni haxlayan adamı işdə saxlamısan” – deyə atamı yandırallar. Sən Allah, keç günahımdan.

Vəziyyətin ciddiliyini anlayan Zülqədər də daha dirənməmişdi. Bilirdi ki, rayonda hamı onun xətrini istəyir. Mümkün olsa, saxlayardılar. Axı o, az qala yarım əsr idi ki,  bu camaatın gəlinbacısıydı...

Nə isə. Bekar qalan Zülqədər qışın soyuğunu evində yola salıb, yazın ən gözəl ayında Bakıya üz tutmuşdu. Burada yaşayan bacısı Həvvagilə gəlmişdi. “Həm uşaqları görər, həm şəhəri gəzərəm. Deyillər Bakı yaman gözəlləşib. Gəlsinlər o əcnəbilər, görsünlər Azərbaycanın inkişafını, qüdrətini. Ölkələrinə qayıdanda danışsınlar”,– deyə paytaxta səyahətini planlamışdı. İçdən sevinirdi müsabiqəyə görə.  –“Arada doxdura da gedərəm. Axır illər gözüm yaman zəifləyib. Gərəkdisə,  əməliyyat etdirərəm. Yoxsa ömrümün bu sinnində mayıf qalsam kim mənə baxacax?” Bu düşüncələrlə paytaxta yol alan Zülqədər Bakıdan da Orta Asiyaya gedəcəkdi. Kiçik qardaşı orda yaşayırdı. - “Kim bilir, bəlkə bir də qismət olmadı görüşmək. Evdən çıxmışkən gedim Həmidi də görüm.”

Zülqədər neçə gündü şəhəri dolaşırdı. Yeniliklər gözünü-könlünü oxşadıqca, illərin o tayında qalmış xatirələrinin məskənlərini daha inadla axtarırdı. Yerli-dibli yox olmuşdular sanki. Axtarıb-axtarıb tapmayanda ürəyi göynəyirdi. - “Gərək belə eləməyə idilər...”  Bu gün də yolunu Filarmoniya bağından salmışdı. Əvvəllər “Vahid poeziya evi” adlanan tikilinin arxasındakı fontanı, ağzından su püskürən heykəlləri doyunca seyr etmişdi. Ağ mərmər oturacaqları əlləri ilə sığallayıb, naxışlarını əzizləmişdi. Hərdən gözünə günəş düşdükcə durub yerini dəyişir, həzin musiqinin fonunda fəvvarəyə əzəmət verən ağ mərmər sütunlara tamaşa edir, dönüb bir də İçərişəhərin Qala divarlarına baxırdı.

Bağı baş aşağı-baş yuxarı iki-üç dəfə dolaşan Zülqədər keçmişdən gözünə tanış olan obyektləri nəzərdən keçirirdi ki, birdən heyrətlə dilləndi:

–       Booy, ay qız, Vahid hara gedib??

Qeyri-ixtiyari ucadan səsləndirdiyi sual ətrafdakıların gülüşünə səbəb oldu. Yanından ötən bir dəstə gənc gözləri yaşarınca güldükdən sonra “Ay nənə, fikir eləmə, çox uzağa getməyib”- dedilər. -“Elə bu qapıdan girsən,- gənclər əllərini İçərişəhərin darvazasına tuşladılar,- görəcəksən.”

Utandığından qadının yanaqları allandı. Pərt halda tez-tələsik dedi:

–Yox a bala, kişini axtarmıram eey, qəzəlxan Əlağa Vahidi deyirəm. Baxdım gözə dəymir.

– Biz də elə onu deyirik, ay nənə.

– Noolar, a bala, Qala divarının bu tayında olmasın, o tayında olsun. Əlağa Vahidə nə fərq edər ki?!

Bu sözlər Zülqədərin ağzından çıxar-çıxmaz gəncləri yenə gülmək tutdu: – “Məzən olsun, ay nənə, sevənlərçün heç fərqi yoxdu...” – deyib eyhamlı gülüşlə uzaqlaşdılar. Yerində qurcuxan Zülqədər nə fikirləşdisə, İçərişəhərə girmədi. Qəzəlxanın büstünün yerində qoyulmuş dəyirmi oturacağa sarı irəlilədi. Bu gün gördüklərini, eşitdiklərini fikrində götür-qoy edirdi ki, qulağına kişi səsi gəldi:

– Dişləmə, adam ol...

“Yəqin uşaq dəcəllik edir”- fikrindən Zülqədərin gözlərinin içi güldü, ürəyi açıldı. Uşağı görməkçün arxaya boylandı. –“Görəsən qızdı, yoxsa oğlan?” – Amma dəyirmi oturacağın ortasındakı dibçəkdə əkilmiş kol nəsə görməyə imkan vermədi.

Tənəli kişi səsi bu dəfə lap hirsləndi:

–       Dedim dişləmə! Adam ol, eşşək olma!

Səsdə tərbiyəsiz bir ahəng vardı. Zülqədər lap həyəcanlandı: “Kaş, indi mənim də yanımda nəvəm-nəticəm olaydı, əlimi-ayağımı dişləyəydi... Heç uşaqnan da bu tərzdə danışallaar?” Uşağı görməkçün yerindən qalxan Zülqədər eşitdiyi qadın səsindən ürpəndi. Elə bil dizinin tabı qırıldı. Oturacağa çökdü. Sırtıq bir səs həyasızlıqla deyirdi: - Dişləyəcəəəəm. Neyləyim, adam olammıram daaaa... Səni görəndəə...

Sözlərin sonunu uzadan qadın guya yanındakına nazlanırdı.  Səsi də, sözü də o qədər eybəcər, bayağı təsir bağışlayırdı ki, ağbirçəyin lap hövsələsi daraldı. Yorğun ayaqlarına güc verib dik qalxdı. Arxa tərəfdə uşaq-zaq yoxdu. İki cavan əyləşmişdi.

– “Lənət sənə kor şeytan! İndikilər lap yollarını azıblar ey. A bala, eviniz-eşiyiniz yoxdu? Axşam olmayacaq? Nə vurhavurdu gündüzün günorta çağı? Bu boyda millətin gözünün qabağında...”- deyə ürəyində deyinirdi ki,  cütlüyün söhbəti  yenə qulağını deşdi:

–  Onu da belə dişləm-dişləm edirsəən?

–       O kimdir?

–       “Ərim” dediyin...

– Qələt eləyir! Mən ona heç vaxt “ərim” deməmişəm,- deyə canfəşanlığa başlayan qadın özünə bəraət qazandırmağa tələsirdi. - Qələt eləyir... Mən ona “ərim” deməmişəm. Deməmişəm.

Bu sözləri eşidən Zülqədərin başından duman qalxdı. Hiss etdi ki, yaylığının altında saçları qabardı. Ağbirçəyin tükləri biz-biz olmuşdu. – “Bunlar heç ər-arvad deyilmişlər ki!.. Ona görə küçənin ortasında... Əstəğfürullah. Yoox. Belə olmaz. Bu cavanları internet pozub. Hayıf döyüldü sovetin dövrü. Kinonun açıq-saçıq yerlərini kəsirdilər. Qoymurdular camaatın əxlaqını pozulmağa. İndi azadlıqdı. Şükür, müstəqil olmuşuq. Dünya qabağa gedib. Kompüteri açıb hər şeydən, hər yerdən xəbər tutursan. Amma açanda biliyini artır daa, niyə pis şeylərə baxırsan... Bala, biz azərbaycanlıyıq axı. Niyə axmaq-axmaq şeylərə meyllənirsiz. Bəyəm müasirlik budu?”

Rəqibinə ünvanlanmış təhqiramiz ifadələr kişiyə necə  ləzzət elədisə, özgə arvadını qucaqlayıb marça-marçla öpməyə başladı.

–       Mən səni yeyəcəm.

–       Hi-hi-hi-hiii.

Marçıltılar Zülqədərə söyüş kimi gəldi. Elə iyrəndi ki... Durub uzaqlaşmaq, başını götürüb qaçmaq istədi. Ona elə gəldi ki, azacıq ləngisə, şahidi olduğu çirkaba bulaşacaq, ləkələnəcək. Ancaq ağbirçəyin ayaqları yerə mıxlanmışdı. Boğazına tıxanmış qəhər onu boğurdu.

***

Zülqədər səksən bir illik ömrünü ağrı-acı içində yaşamışdı. Amma bir gün də olsa, namusuna-qeyrətinə toz qondurmamışdı. Heç xəyalında da ərinə xəyanət etməmişdi. Qadın başdan-başa sədaqət mücəssəməsiydi, vəfa timsalıydı. El-oba nahaqdan ona “gəlinbacı” demirdi ki!.. İllərin açdığı izlər çöhrəsinə qəribə bir cazibədarlıq vermişdi. Ağbirçəyi görən mütləq ona zəndlə baxardı. Sanki çöhrəsindən yaşadığı ömrü oxuya biləcəkdi. Həyat onun əlindən illərini və istəklilərini alsa da, gözəlliyini oğurlaya bilməmişdi. Allahın kəramətindən ömür payı bol idi. Zülqədər də taleyin acığına yaşayır və sevdiklərini öz ömründə yaşadırdı. 

Həyatını bir sevgiyə qurban verən Zülqədər indi şahidi olduğu hadisədən dəhşətə gəlmişdi. O, için-için ağlayırdı. Səsi çıxmırdı. Eləcə gözünün yaşı axırdı. Arada çiyinləri qalxıb-enirdi. Kövrəldiyini görən olmasın deyə, başını aşağı salıb gicgahlarına dirsəklənmişdi. Damcılar ayaqqabılarını, asfaltı naxışlayırdı.

...Atası Bahadır kişi kərpickəsən idi. Çörəyini daşdan çıxarırdı. Böyük ailəsini dolandırmaq üçün gecəsini gündüzə qatıb çalışırdı. Uşaqların əli iş tutar-tutmaz atalarına kömək edirdilər. Zülqədər evin böyüyü idi, kərpic kəsməyi hamıdan tez öyrənmişdi. Əl birliyi ilə on iki nəfərlik ailənin ruzisini qazanırdılar. Anaları gündüz bağda-bostanda işləyir, axşamları uşaqların dərsinə fikir verirdi. -“Biz oxuyammadıq,  barı siz oxuyun, bir yana çıxın”- deyirdi övladlarına. 

Zülqədər on səkkiz yaşına qədəm qoyanda sevdalanmışdı. Bakıda Politexnik İnstitutunda oxuyan Nəriman ürəyinə yol tapmışdı. Qəlbində cücərən ilıq duyğular, ilk məhəbbət həyəcanları gənc qızın ali təhsil nisgilini azaldırdı. O, Çəmənli kənd məktəbinin gözüydü. Ancaq valideynlərində imkan nə gəzirdi Bakıda uşaq oxutmağa... Taleyə boyun əyib evdə oturmuşdu. Kənd camaatı, müəllimləri hefslənirdilər. Ancaq əllərindən bir iş gəlmirdi. Bahadırla Lətifə daxilən əzab çəkir, qızın gözünün içinə dik baxammırdılar.

–  Ay ata, fikir eləmə. İşləyib sizə kömək edəcəm. İnşallah, qardaşlarımı oxudarsan.

–  Can bala. Qızın canında o qədər qeyrət var ki!.. Oxumaqçün ürəyi getsə də, özünü sındırmır. Bizi düşünür,- deyə Lətifə Bahadıra söylənirdi. 

Kənd camaatı əmin olanda ki, Bahadırın qızı oxutmaq fikri yoxdu, evə elçilər ayaq açmağa başladı. Sanki ata-ananın çiynindən dağ götürüldü. Ailənin bu durumunda ən yaxşı çıxış yolu tapılmışdı. Bir axşam süfrə yığışandan sonra Lətifə çəkinə-çəkinə kişiyə eşitdirmişdi ki, briqadir Fərruxgil bizə gəlmək istəyir. Bahadır da əlüstü soruşmuşdu ki, qızın rizası varmı? Lətifə başını aşağı salıb susmuşdu. Əri də bunu razılıq əlaməti kimi qəbul edib dərindən ah çəkmişdi. O, ataydı. Sevinirdi ki, qızın bəxti yaxşı yerdən açılıb. Amma Zülqədəri oxuda bilməməsi qəlbini göynədirdi. Bulud kimi tutulub-açılan Bahadır kişi qəlbində duyduğu sızıltının ardınca üç-dörd dəfə köksünü ötürüb yüngülləşmişdi. Sanki ciyərlərinə bolluca oksigen dolmuşdu. Onu içinə çəkib rahatlanmağa çalışırdı.

– Ay kişi, ixtiyar sahibi sənsən!- deyə pıçıldayan Lətifə altındakı döşəkçəni kişiyə tərəf sürüşdürüb onu çiyni ilə dürtmələdi.- İstəmirsən, verməzsən.

– Yox ay Lətifə, niyə vermirəm!? Oxudammadıq qızı, arzuları gözündə qaldı, odu məni üzən. Qız uşağı kəsikdi, deyillər. Kim bilir bəxti-taleyi necə olacaq?.. Oxusa, əlində savadı-sənədi olsa, dünyadan rahat köçərdim. Ancaq Fərruxgil də tanınmış tayfadılar. Elə bilirəm o kişinin oğlu pis olmaz.

O axşam uşaqlar hərəsi bir səmtə dağılmışdı. Naxırın qabağına çıxan kim, toyuq-cücəni dama qatan kim. Balacalar fürsətdən istifadə edib məhəllədə  oynayanların yanına  qaçmışdılar. Hay-küylə qaçdı-tutdu oynayırdılar. Zülqədər suyun başında qabları yuyurdu. Evin ikinci qızı Züleyxa da cəld dəsmallayıb təmiz qabları ləyənə yığırdı.

***

Bu axşam Filarmoniya bağında yaman qələbəlikdi. Hava xoş, yer rahat. Şəhər əhli istirahət edirdi. Əcnəbilər həvəslə sərgiləri gəzirdilər. Milli Azərbaycan süvenirləri yaman alınırdı. Ağacdan düzəldilmiş tar-qaval-kaman dəstinə baxan kim, Qız qalasının fiquruna aludə olan kim, milli geyimli gəlinciklərə maraq göstərən kim. Elə xarici yoxuydu ki, göz önündə bişirilib, isti-isti satılan qutabdan yan keçə.  Azərbaycan nemətlərini dadan üstündən də bir stəkan sərin ayran içib ləzzət alırdı. Sərbəst davranışa vərdiş etmiş əcnəbi qonaqlar əllərində şəkərbura, paxlava, qoğal yeyə-yeyə bağdan keçib dənizkənarı bulvara üz tuturdular. Əlqərəz, Zülqədər gəlinbacı bu büsatı qoyub getmək istəmirdi. Adam arasında olmaq ona həmişə ləzzət edirdi. Bircə oturacağın o tayındakıların ədəbsizliyi olmasaydı... “Ər-arvad olmasalar da, taydırlar. İkisi də bir ağıldadı. Hardan peyda olur belələri? Kişi cəhənnəm, kişidir. Bəs sən, ay abırsız, evdə ərin ola-ola bu nə pəstəhadı çıxarırsan? Qorxmursan bir tanıyan-bilən görəə?”

Bu fikirlərlə beynini yoran Zülqədər ha çalışdı məsələni başqa səmtə yoza, yol tapa bilmədi. O, institut qurtarmasa da, çox savadlıydı. Ömrü boyu mütaliəsini əskik etməmişdi. Dar düşüncəli deyildi. “Bəlkə yazığı zorla heyvanın birinə ərə veriblər, o üzdən kişiyə xəyanət edir?- deyə bağın ortasında sevişən ərli qadını anlamağa çalışırdı. - Özü də dedi ki, “ona heç vaxt ərim deməmişəm”. Zülqədər köksünü ötürüb - keçmə bizim rayon adətlərindən, hələ də köhnə beyinlər var,- dedi öz-özünə. – Bu zəmanədə də, qızı zorla verərlər?- deyə fikrində  qadının valideynlərini qınadı.  – Yəqin boşanacaq. Yoxsa, ərdə ola-ola ona nə düşüb xalxın gədəsiynən bağda...”

Ağbirçəyin fikirlərinin təsdiqi kimi oturacağın o üzündən kompliment yağışı yağmağa başladı:

– Qəbrimin üstündə başdaşım, sevgilim!- deyə kişi qadını oxşayırdı.

– Mən səndən ötəri ölürəm. Onu heç istəməmişəm. Zəhləm gedir oğraşdan! Sən mənim həyatımsan. Ay mənim qəbristanlıqda yandaşım,   qəbrimin üstündə başdaşım, sevgilim, - deyib nə etdisə, kişi yenə acıqlandı:

–  Dedim eşşək olma.

– Hi- hi- hiii... Neyləyim, sənin yanında özümü saxlayammıram.  Hi- hi- hiii... Sənin eşşəyinəm daaa. İstəmirsən?

Söhbətin ahəngi Zülqədəri açmasa da, “oğraş” sözünü tutdu. “Həə, yəqin əri gəzəyəndi. Bu da yandığından acıq çıxır. Amma heç yanındakı da əməli-salehə oxşamır. Ərli qadını yoldan çıxarır. Deyək ki, qız ərinə hirslənib, gözü ayağının altını görmür. Bəs sənə nə gəlib? Adını kişi qoyubsan, sabah biri sənin arvadınla hingildəşsə, xoşuna gələr? Əgər xoşlanırsansa, boşat ərindən, ədəb-ərkanla al! Niyə küçələrdə üzünün suyunu tökürsən? Nə də olsa, azərbaycanlı qızıdır axı...” Ağbirçəyin düşüncələri təbii ki, oturacağın o tərəfindəkilərə təsir edə bilməzdi. Susub-sakitləşmirdilər ki, durub onlara yaxınlaşsın, məsləhət versin. Hərçənd çəkinirdi də. Nə bilmək olar, necə qarşılayacaqlar? Birdən artıq-əskik danışsalar, ağır söz desələr?.. Zülqədər bilmirdi ki, Bakı boyda meqapolisdə kimin nə ixtiyarı var, tanımadığı adamın işinə qarışa! Çox da ki ağbirçəksən? Hərə özünə cavabdehdir. İctimai qınaq rayon yerlərində qalıb, paytaxtda çoxdan unudulub.

O arada gələn görüşlərini planlaşdıran cavanlar ciddi söhbətə girişmişdilər. Zülqdər başa düşdü ki, onlar hardasa eyni yerdə işləyirlər, bura da işdən gəliblər.

– Bundan sonra hər axşam görüşürük.  Gəlməyən kişi qızı döyül. Öncə mən, soora...

– Nə soora-soora salıbsan? Dedim ki, yox dəə. Yatmıram onnan. Zəhləm gedir. İt yerinə qoyub üzünə baxmıram. Bircə sənə, bircə sənnən...- deyə dili topuq vuran qadın həyasız hırıltılarla sözünün deyilməmiş hissəsini anladıb vədinə möhtəşəm bildiyi yekunu vurdu:

– Ay mənim qəbristanlıqda başdaşım, sevgilim!

Komplimentlərin qeyri-adiliyindən üşənən Zülqədər yenə xatirələrin əsarətinə düşdü.

***

...Kəndin o başında toy vardı. Uzaqdan gələn zurna-qavalın, şənliyin səsi birdən boğuldu. Vay-şivən kəndi başına götürdü. Toyda dava düşmüşdü. Zülqədərin istəklisi Nəriman qonşu kənddən gələn Mirmahmudu bıçaqlamışdı. Əsgərlikdən təzəcə qayıdan cavan yerindəcə keçinmişdi.

Kənd yerində xəbər tez yayılır. İllah da, qara xəbər ola. Zülqədər dava xəbərini alan kimi toy evinə qaçdı. Nərimanı mağardaca həbs edib aparmışdılar. Görə bilmədi. El-oba ordaydı. Aləm bir-birinə dəymişdi. Bahadır kişi də özünü yetirmişdi. Atasının gözünə görünməsin deyə, çəpərin dalına sinən Zülqədər bir qədər çömbəlmiş vəziyyətdə hərəkət edəndən sonra durub evlərinə doğru yollandı. Heyi kəsilmiş Zülqədərə o axşam ata ocağının yolu çox uzaq gəldi. Elə bildi dünyanın o başınacan gedib, amma evlərinə çata bilmir. Qaranlıq kənd yolunda bir kölgə ayaqlarını sürüyürdü. O axşam Mirmahmuda vurulan bıçaq əslində Zülqədərin bəxtini paralamışdı. Səadətinə daş qoymuşdu. Gözünün ilk ovu, kəndin sayılıb-seçilən kişilərindən olan Fərruxun oğlu qatil olmuşdu.

... Məhkəmə çox uzanmadı. Ölən də məlumdu, öldürən də. Şahidlər də bir toyun adamı. Nərimana on dörd il iş verdilər. Ölüm cəzasından qıl payı qurtardı. Cəzasını Bakıda, ciddi rejimli həbsxanalardan birində çəkəcəkdi. Həbsə girən Nəriman yol tapıb sevdiyinə sifarişini uçurmuşdu: “Zülqədər, səni sevirəm. Gözlə məni.” Qız da cavabı gecikdirməmişdi: “Gözləyəcəm!”

Evdə-eşikdə özünü tox tutan Zülqədər ürəyində nələr çəkdiyini kimsəyə hiss etdirmirdi. İşdən-gücdən beşəlli yapışmışdı. Gündüzlər kombinatda işləyir, axşamlar tikmə tikir, gecələr kərpic kəsirdi. Səliqəsinə söz yoxuydu. Zülqədərin naxışladığı yataq ağları, süfrələr, dəsmallar əl-əl gəzirdi. Alıb cehizə qoşurdular. Zülqədər pul qazanmaq, həm ailənin dolanışığına kömək etmək, həm də türmədəki sevgilisinə azuqə apara bilmək üçün özünü fəda edirdi.

Toydakı faciədən sonra üstünə su səpilmiş kimi gəzən Lətifə də sevinirdi ki, yəqin qızın könlü yoxuymuş. Mən yanılmışam. Yoxsa bir ağlardı, saralıb-solardı... Ancaq evə gələn elçilər dalbadal rədd cavabı aldıqca Lətifənin kürkünə birə düşürdü. Hərdən Bahadır kişi darılırdı. Bir gün üstüörtülü dedi:

– Ay qızım, bəsdi məni utandırdın. Evin qəhrini çəkmək mənə düşər, sənə deyil. Tay-tuşalrın oğul-uşaq sahibidir. Sən də vaxtında yuvanı qur. Şükür, qapımızı döyən də çoxdur. Özünü həlak etmə. İstəyirsən qiyabi instituta gir. Biz ananla külfətimizi yola verərik.

– Utandırmaq nə sözdür, ay ata? Mənim çax-çux eləməyimə baxma ey, evi dolandıran sənsən. Mən yalandan tozanaq edirəm.

Ata-bala qucaqlaşdılar. Bahadır kişi qüvvətli qollarını qızının boynuna salıb onu özünə tərəf çəkdi, Zülqədərin başını sinəsinə sıxıb xeyli beləcə saxladı. İkisi də kövrəlmişdi. Lətifə yaylığının ucunu qaldırıb nəmlənmiş gözünü sildi.      

– Ayrı-seçkilik olmaz, ay dədə, heç məni belə əzizləmirsən,- deyə  Züleyxa araya girib  atasıyla bacısını ayırdı. Zarafat yerinə düşmüşdü. Bir az da keçsə, kişini hönkürtü tutacaqdı.

O gündən sonra Bahadır kişi  bir daha  bu söhbətə qayıtmadı. Sanki aralarında gizli razılaşma vardı. Övladlar böyüdükcə oxuyan oxudu, gəlin köçən köçdü, evlənən evləndi, nəvələr dünyaya gəldi. Amma Zülqədərə elçi düşənlər hamısı əliboş qayıtdı. Yavaş-yavaş pıçıltılar dolaşmağa başladı ki, qızın gözlədiyi var. Beləcə illər keçdi. Zülqədər düz on dörd il əhd-peymanına sədaqətini qorudu. Türməyə evdəkilərdən xəlvət gedib-gəlirdi. Böyüklərindən abır-həya edirdi. İlk illər Bakıda yaşayan xalasını, sonralarsa ora gəlin köçmüş bacısını görmək bəhanəsilə çıxırdı evdən.

Nəhayət, intizarın sonu yetdi. Dustaqlıqdan qayıdan Nəriman da əhdinə vəfalı çıxdı. El adətiylə toy çaldırdı. Sədaqətli gözəl otuz beş yaşında gəlin köçdü. Əzablı günlərin, ayrılığın bitdiyini düşündü. Əsl müsibətin başlanğıcı olduğunu ağlına gətirəmməzdi. Evləndilər. Amma sevgilərindən doymadılar. Altı ayın tamamında dul qaldı Zülqədər gəlinbacı. Ərini Mirmahmudun qardaşları öldürdülər. Qisasa qisas alındı.

Nərimanın ölümündən üç ay sonra sevgilərinin yeganə meyvəsi dünyaya gəldi. On dörd ilin intizarından sonra cəmi altı ayın gəlini olan Zülqədər saçının birini ağ, birini qara hörüb qızı Həmidəni böyütdü. On səkkiz yaşına çatanda gəlin köçürtdü. Tale bu sevinci də Zülqədərə çox gördü. O, qızının toyundan bir il sonra ciyərparasını əbədi itirdi. Həmidə üzünü görmədiyi atası Nərimanın yanına tələsmişdi. Bu müsibəti görən kənd camaatı danışırdı ki, Zülqədərgil qarğışa keçiblər. Gülü burnunda ölən Mirmahmudun tayfası ağır seyid idi. Zarafat deyil, əsgərlikdən gələn oğlunu qız bəyənməkçün toya göndərən ananın üstünə igidinin cənazəsi gəlmişdi. Ciyəri yanan ana da əllərini göyə açıb,- bu qanı yerdə qoyma Allah, balama qıyanı görüm artmasın, törəməsin!- demişdi. Bircə anlıq dəliqanlılıq iki cavanın ölümünə bais olmaqla bitməmişdi.

Sədaqət mücəssəməsi olan Zülqədər sevginin ancaq ağrısını yaşadı. Gəlin olub gəlinlərə qoşulammadı. Ana olub övlad bəhrəsi yemədi. Sevgisinə sədaqəti, isməti onu elin “gəlinbacı”sına çevirdi. Nərimanın ölümündən illər keçdi, Zülqədər yaşlanıb nənələrə tay oldu. Ancaq hamı onu yenə də “gəlinbacı” çağırırdı, öz adı yaddan çıxmışdı.

***

Sərin may axşamında keçmişin ağrılarını yada salan Zülqədəri istilik basdı. Elə bil ürəyinə od düşdü. -“Altmış ildi yanıram, ay Nəriman. Ölüb gedibsən, ancaq hələ də yandırırsan. Öncə türməyə düşdün, on dörd il atam evində gözlədim səni, elə yandım. Ərə getməyimnən dul qalmağım bir oldu. Qırx altı ildi sənsizliyimə yanıram. Axır da balam əlimdən getdi... Bu dərd odsuz-ocaqsız, gecə-gündüz alovlandırır məni. Ax, Nəriman. Məni yarı yolda... yox ey, yolun başındaca tək qoydun. Cavan-cavan girdin qara torpağın altına, qızını da çəkdin yanına. Məni niyə aparmadın? Bil ki, səni sevdiyimə bir gün peşman olmadım. Başqa kişiyə meyl salmağı ağlıma gətirmədim. Ancaq səndən sonra eltilərim üstümə ayaq aldılar. Həmidənin ölümü lap əl-qollarını açdı. Gözlərini dikiblər o daxmaya. Nərimanın vərəsəsi yoxdu, ev bizə çatmalıdı,- deyirlər. Başıma gətirmədikləri oyun qalmadı, günümü qara əskiyə düyüblər. Qardaşların da bir dəfə arvadlarına “gözün üstə qaşın var” demir. Dinmirlər ki, bəsdirin. Hər zülmə qatlaşdım. Ər ocağından çıxmadım.  Əlimin zəhmətilə qazandığım çörəyi yedim, Nəriman.”

O anda səslənən musiqili zəng Zülqədəri xəyaldan ayırdı. Yad kişiylə sarmaş-dolaş oturmuş qadın mobilini açan kimi bərkdən – “Caaan, mama qurban, can!! Ölərəm elə səndən ötrü!” – deyə elə bağırdı ki, ətrafdakılar səksəndilər. Qadının “mama” deməsi Zülqədəri təbdən çıxartdı. -“Booy, köpəkqızının uşağı da varmış!.. Kül sənin başına. Allah, göydən daş yağdır. Adımızı batırıllar.”

Qadının telefon danışığı davam edirdi:

–  Gəlirəm, oğlum, yoldayam. Tıxacda qalmışam. Sənə nə alım, mənim balam? Mamasının ürəyi, həyatım! Həə, acıbsaan? Təranə hardadır, niyə sənə yemək vermir? De, yumurta bişirsin. Yoxduu? Bəs nənən hayandadı? O niyə səni yedizdirməyib? Səhərdən acsaan? Caaan! Ölərəm elə. Ağlama oğlum, birtəhər döz. İndi mama gəlir. Nə istəsən alacam sənə. Həə. Bir az döz gəlirəm, avtobusdayam. Bir saata-zada evə çataram. Maması qurban balasınaa! Nənənə de, atan işdən gələnədək bir şey hazırlasın. Mən gələndə çörək alıb gətirəcəm. Di yaxşı, oğlum, gəlirəm.”

 Mobilini qapadan kimi qadın bir az da kişinin qucağına sığındı. Heç evə tələsənə oxşamırdı. Görünür, uşaq azyaşlıydı və yemək düzəltməyi bacarmırdı. Ancaq onun evdə ac qalması anasının halına təfavüt eləməmişdi. Qadın öz eyş-işrətindəydi.   

Zülqədər bilmədi uşağın halına yansın, yoxsa öz taleyinə. Tale onunla oynayırdı. İndi də bu hadisəni qabağına çıxarmışdı. Özünün yaşadığı həyatla tam təzad təşkil edən nalayiq cavanları. Zəmanə yaman dəyişmişdi. Başını yırğalaya-yırğalaya qaldı: -“Bakının təkcə görkəmi dəyişməyib. İnsanları da fərqlidi. Yadlaşıblar.”
 
 
Yazan:  Mənzərə Sadıqova