Bahar Qoxulu…

Cavid Memmedli 05/11/2012

Həyat özü bu sualın cavabını özü vermişdi, Bizimçün Yaşayanları Yaşatmaq üçün, Biz də Biriləri üçün Yaşamalıyıq... Bizim üçün  dəyərli olanlar üçün...

Gözəl bir yaz günü,,, hər şey təravətli, təptəzə. Ağaclar yenidən həyata gəlmiş kimi... Anasına bənzədir belə günü həmişə. Anasının yaşıl rəngi çox sevdiyini bilir, bəlkə də bu bənzətmənin də səbəbi budur .O gözəl havanı, çiçəklərin ətrini içinə çəkərək günə başlamaq belə xoşbəxt edir onu, anası da eyni ilə  elə  qoxur çünki. Yağışdan  sonra  göyqurşağını görmə sevinciydi, uşaqkən  anasının onu bağçadan, sonra məktəbdən alması, sonra isə imtahana "uğur" diləyərək göndərməsi və hər uğuruna  onun  özündən çox sevinməsi...

Hər qırışda bir sıxıntının  izi olan o nurlu üzünü  bahardan başqa nəyə bənzədə bilər ki?  Hələ tez dolub-tez boşalan gözlərini demirdi heç, yaz buludunun eyni olan. Hər ilin başlanğıcıdı yaz, anasının hər sevincin təməli olduğu kimi.  Hər ilin həmişə yazla başlamasını diləməkdən daha gözəl dilək varmı ki?

 Hər zaman bir yerdə idilər, en son 3-4 ilə kimi... Bəzən uzaq qalmalı olurdu, bahar qoxulusundan. Çünki artıq anasının onu bağçadan aldığı  yaşda deyildi,  özü bağçaya gedirdi, anasının yaşatdığı  sevinci yaşatmaq üçün...  O zaman anlayırdı, o sevinci bəxş etmənin də nə gözəl bir duyğu olduğunu, sevinəndən daha çox sevindiyini. Hansını çox sevirdi, bahar qoxulusunumu? ya üzünə baxmağa qıymadığı körpəsinimi?   Bir zaman onsuz yaşaya bilmərəm dediyi insan bir idisə iki olmuşdu artıq. Bəlkə də bu Allahın bir lütfü idi, yaşama səbəbini artırmışdı. Ya bir gün birindən – biri  əlimdən alınırsa nə edərəm soruşdu öz-özündən.  O zaman anası ağlına gəldi, o da eyni sualı soruşmuşdu yəqin ki, bir zaman və indi anası onun yanında idi.

Həyat özü bu sualın cavabını özü vermişdi, Bizimçün Yaşayanları Yaşatmaq üçün, Biz də Biriləri üçün Yaşamalıyıq... Bizim üçün  dəyərli olanlar üçün...

Yazan:  Əsmər Qardaşova