Hamı Günahsız Doğulur…

Cavid Memmedli 19/11/2012

“Son zamanlarda insanların hərəsi bir günah sayğacı olmuş kimidi, öz gözümüzdəki tiri görmədən başqasında tük axtara bilirik və ən maraqlısı isə o tükü tapırıq da.”

Hamı günahsız gəlir dünyaya, tərtəmiz, pis-yaxşı nə varsa sonradan özümüz qazanırıq... Yaşa dolduqca artırrııq günahların, xeyir əməllərin sayını, bəzən ətraf mühitin təsiriylə, bəzən öz istəyimizlə...

Yaşadığımız mühit isə çox zaman səbəblərə deyil, nəticələrə baxır, və elə  bu səbəbdən   özümüzü haqlı bildiyimiz hallarda bele haqsız çıxma ehtimalından qaçmaq olmur.

Yaşadıqca bəzilərimiz günah sayını artırır, bəlkə bilərəkdən, bəlkə də istəmədən, qeyri-ixtiyari. Amma hərkəs birləşərək birini günahlandıra bilirik.

Son zamanlarda insanların hərəsi bir günah sayğacı olmuş kimidi, öz gözümüzdəki tiri görmədən başqasında tük axtara bilirik və ən maraqlısı isə o tükü tapırıq da.

Əlimizə fürsət düşən kimi zəif nöqtədən vura da bilirik... Hamı necə, mən də ele prinsipi xəstəlik halını alıb bir az. Fərqində deyilik amma xərçəngdən daha çox ziyanverir bu. Xərçəng insanı öldürürsə, bu xəstəlik insanlığı məhv edir.

Uşaqla böyük yaşdakı insanın daxili dünyalarının fərqi deyə bir başlıqla rastlaşsaq ilk olaraq yəqin ki hamımızın ağlına uşaq dedikdə yalanlara tez inanan, saf, tez küsüb, tez barışan biri gəlir. Bəs böyüklər??? Dəqiq olaraq fikir söyləmək çətindi, birinə görə doğru olan digərinə görə səhvdi. Doğruluk kriteriyalarının belə nisbi olduğu bir cəmiyyətdə kimin doğru, kimin yanlış olduğuna özümüzün qərar verməsi məncə səhvdi. Və əminəm ki bu fikrim bir başqasına görə səhvdi.

Uşaq kiçik sevinci böyük zənn edib, ürəkdən gülməyi bacararkən, çox zaman  böyüklər böyük sevincləri belə az hesab edirlər...

Pul qazanmaq üçün sağlımızdan keçib, sonra geri qaytarmaq üçün pulumuzu verən insanlıq olaraq, bir yerlərdə səhv edirik, tarazlığı  biriləri pozmuş, bizsə köhnə bazara yeni qiymət gətirmək riskindən qorxaraq gedilmiş cığıra ən yaxşı halda yeni iz salırıq, çox zaman buna da yorulmaq istəmirik, köhnə izlərin üzəriylə başqalarının yerişini yeriyirik, hətta razı qalmayıb onları bəzi addımları bizə görə uyğun deyil deyə qınayırıq... Maraqlıdı, bütün bu düşüncələri dəyişdirmək üçün yenidən doğulmamızmı lazımdır?

Yazan:  Əsmər Qardaşova