Günə iki ölçülü baxış…

Cavid Memmedli 08/12/2012

Bəzən günümüz də bu yazıya bənzəyir, içi  həm kədərli, həm sevincli cümlələrlə dolu olur...Sonluğunda hansı cümlənin gəlməsi özümüzdən və iradəmizdən asılıdır!!!

Nə söylənməmiş sözlər, nə durğun baxışlar, nə də arxadan səslənib duyulmayan çağırışlar...Vaxtında edilmədikden sonra nə duyulmaq, nə dinləmək, nə baxmaq istər...Nə günahkar axtarılır, nə günahsız. Hər şey varlığın bir anda yoxluğa dönüşü kimi baş verər...Nəyin nə zaman  baş verdiyini belə xatırlaya bilməzkən təqvimdəki cırılmış vərəqlərin sayı heyrətə salar səni...Vaxtın sürətinəmi, yoxsa yaddaşın vəfasızlığınamı  kədərlənəsən?

Seçə bilməzsən və beləcə boşluğa düşərsən...Dostlarla danışarsan, bir anlıq boşluqdan çıxmış kimi hiss edərsən özünü, öz dünyana boylanarsan arada, hər şeyin olduğu kimi qaldığını görərsən və ətrafın insanlarla doluykən  niyəsə o boşluğu hiss edərsən içində. Özün özünü qaytararsan bu dünyaya, dünyana dönməmək üçün. Bəzən o qədər uzaq qalarsan ki dünyandan. Hərdən yadına düşər “necədi ordakılar?” Arzuların yerindəmi? Kiməsə  əsəbləşib arzularından  hansınınsa qəlbini qırdığını xatırlayarsan bəzən…

Sonradan peşman olarsan, arzularının geri dönüşüm qutusunu axtararsan, ordan da silindiyini görərsən. Bir anlıq bəlkə kədərlənərsən bəlkə heç o da olmaz. Heç nə olmamış kimi davam edərsən...Arxana baxmadan gedərsən bəzən, kimisə görmək qorxusu olar içində, ya da tam tərsi heç kimsəyi görməmək və bununla yalnızlığa bürünmək qorxusu...Hər zaman ən azı sona bir ümid saxlarsan, tutunamayanlardan olmamaq üçün...Ən son ümidinin nəticəsini bilmək istəməzsən, ümid olaraq qalsın yerində...Ağacdan ən son düşən yarpaqla ölüm tarixini təyin edən və elə o yarpaqla həyata bağlanan xəstə kimi olarsan  bəzən....Həyata tutunmaq üçün çox xırda səbəblər axtararsan, dənizə düşən kibrit çöpünə sarılan təki...Elə də ola bilər ki sarıldığın kibrit çöpü dənizin dibinə çəkər səni, kiçik zənn etdiyin böyük səhvlərin kimi...Bəzən qurumuş ağacın çiçək açmasına bənzər baş verən hadisələr, o qədər qeyri-adi olar ki, bir zaman sadəcə düşündüklərinin reallaşması təəccübləndirər səni...Sevinərsən, haqq hər zaman sözünü deyə bildiyi ve şans sənlə  olduğu üçün...Kiçik hadisələrdən sevinə bilməyin  uşaqlıq olmadığını, sadəcə içindəki uşağı qorumaqdır deyə bildiyin üçün...Sevinməyə bu qədər səbəb varkən problemləri ön plana çəkməyi gərəksiz bildiyin üçün...Nöqtələrin yerinə yaza biləcəyin çox söz olduğu və nöqtələr sonsuz olduğu üçün...

Yazan: Əsmər Qardaşova