HƏDƏR OLAN ÖMÜRLƏR...

Cavid Memmedli 05/12/2012

Kəsiləcək barmağımız varsa əlimizi uzatmalıyıq. Bir yerdə daha güclüyük. Birləşməliyik, lakin sadəcə fikirdə deyil, hərəkətdə. Bu Ölkə, bu Vətən, mənimdir, onların deyil. Biz bura Vətəni mənimsəməyə yox, ona xidmət etməyə gəldik...

Mən buralı deyiləm. Qınasanız, qınamasanız da. İşi gücü yeyib-içmək, hər şeyə göz yummaq və necə alındı öz günlərini yaşamaq olan insanlarla mənim bölüşdüyüm sadəcə bir şey var – eyni şəhərdə yaşamaq. Onların həyatı, mənə görə bir faciədir. Mənasız həyat yaşayıb, hər gün ölümə doğru bir addım yaxınlaşırlar. Allahın mərhəməti sonsuzdur amma, mən o mərhəmətin bəzi insanlar üçün o qədər də sonsuz olmasını heç də istəməzdim. Başqasının hüzurunu qaçıran, amma bunu vecinə almayan, yaxşı-pis ölçüsünü “mənim-mənim olmayan” ölçüsü ilə dəyişdirən insanın canı cəhənnəmə.... Nə qanım, nə dilim nə də ki inancım onunla ortaq ola bilməz.

Abbas Səhhətin danışdığı hekayələrin birisinə görə, bir gün erməni gənclərin Avropada oxuması üçün ianə toplanırmış; qoca, sonsuz və yoxsul bir erməni, o günə kimi topladığı üç min rublu bu işə bağışlamış. Beləliklə həmin bəyənmədiyimiz erməni, öz kasıb həyatını uca bir məqsədə həsr elədiyi üçün, əslində ucalmış və həyatına yücə məna qatmışdı. Bu hekayə bir çox Azərbaycanlıya dərs ola bilsəydi, onlar yaşadıqları bu çirkabdan bəlkə də xilas olardılar.

Bəzən birisi xalqımızı söyəndə, deyirəm ki, eləmə, söymə. Bədbəxtin nəyini söyəsən? Onsuzda o özünə hər gün söyür... Məsələn palçıqlı küçələri gəzib bundan kefini pozmayan məxluq yığını nədir, siz qərar verin. Ya da ki, çiçəkləri tərk edib zibilliyi üstün tutanlar necə? Sübutsuz danışmaq mənlik deyil; vətəndaşımız binanın altında çiçək əkdirməkdənsə, ora zibil atmağı üstün sayır. Zibil atana da səsini çıxarmır. Alçaqlıq və zəlilliyin ən bariz nümunəsi.

Deyiblər ki, yaxşının düşməni, mükəmməl olandır. Mən mükəmməlin arxasında qaçmadım. Lakin bir ideal olaraq onu ağlımda tutdum. Xəyalımız mükəmməldə olmasa, yaxşını da əldə etmək çətinləşər.

Həyat qəribə bir yarışdır. Rəqiblərin də müxtəlifdir. Mənim rəqiblərim daim hədəflərim oldu. İnsanları rəqib görmədim. Nəfsim paxıl da oldu, lakin sahib olduğum eqoizmin da mükəmməlliyi, rəqib insanları bütöv olan halın sadəcə bir elementi kimi ifadə etdiyi üçün, insanlar ağlıma Türklər demişkən takılmazdı. Nailiyyətlərim də oldu, uduzdum da. Amma bir bütöv olaraq, overall demişkən, həyatda uduzduğumu fikirləşirəm. Bəlkə talehimdə - cəhd etsəydim – dünyanı dəyişmək olardı. Bəlkə də digərlərin gözlərini sevinclə doldura biləcəyim işlərim olardı. Bəlkə bu tenimdən sıyrılıb, ölümsüz məqsədlər üçün yaratmaq olardı. Nə var ki mən sadəcə bir müşahidəçi, hadisələri yaradan yox, onları sadəcə seyredən oldum.  Halbuki insan bu dünyaya, yaratmaq, yüksəlmək, yüksəldikçə də ərimək üçün gəlib.

Qoca atam can ayağındadır. Hər gün biraz daha əriyir, halsız olur. Halını soruşanda, verdiyi cavab mənalıdır: "hələ ki nəfəs alıram, oğul". Talehinə boyun əyib, səmimi qəlb ilə Allaha qovuşmaq istəyir. Artıq o ölümə hazırdır, xəstəliyinə görə üsyan etməyib, bu dünyaya əlvida demək istəyir. amma gözləri hələ də canlıdır. Gözləri sönməyib. Lakin bədəni, artıq işləməz hala gəlib, getdikçə sıradan çıxır. Az əvvəl qoluna girib onu yatağına götürdüm. Həyatın bu dövrü-daimi göz qabağında olanda, hadisələrə başqa zaviyədən baxırsan. Bir gün - oğlum yanımda olsa - o da qoluma girəcək və son nəfəslərimi alacağım o ölüm döşəyinə götürəcək.

Zamanı durdurmaq əlimizdə deyil. Halbuki dursaydı, tələsmədən, düşünərək bir çox işi yoluna qoyub, bəlkə də hüzur tapardıq. Birdə ki, düşünməkdən sıyrılıb, hərəkətə keçməklə tarix yazardıq. Dəyişən nəsə olmur, siz tələsmədən – sanki zamanı durduraraq, - işinizə davam edin.

Mən gənclərimizə çox inanıram. Bu ölkədə əsas ümidim onlardır. Baxışlarında bir saflıq və aydınlıq var. Bir də axtarış həyəcanı. Onlara acıyıram da, mühitə görə. Lakin yenə də ümidliyəm. Yoxsa Universitet auditoriyasının sıxıntısını çəkmək çətin olardı.

Savaşmağı sevmirəm, amma ona məhkumam. Məhkumam çünki var olanla kifayət etməyib, daha yaxşısını istəmişəm. Istəməliyəm də. Istəməliyik də. Savaşmalıyıq: tərbiyyəsizlik, mədəniyyətsizlik, cəhalət və cılızlıqla. Məddahlığa tüpürüb həqiqəti qoxlamalıyıq. Kəsiləcək barmağımız varsa əlimizi uzatmalıyıq. Bir yerdə daha güclüyük. Birləşməliyik, lakin sadəcə fikirdə deyil, hərəkətdə. Bu Ölkə, bu Vətən, mənimdir, onların deyil. Biz bura Vətəni mənimsəməyə yox, ona xidmət etməyə gəldik. Onlar çürüyüb gedəcək, mən isə daim olacam. Sən də gəl yanıma, sən də dur yanımda. Bari yorulanda, yaslanacığımız, təsəlli alacağımız dostumuz olsun.

Yazan: Dr. Fərhad Mehdiyev (Hüquq elimləri namizədi, Azərbaycan Respublikasının Vəkillər kollegiyasının üzvü, beynəlxalq qanunvericilik üzrə ekspert, Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri)