Onda olandan arvadında yoxdur?

Cavid Memmedli 02/08/2013

“Təki ərimin sevgilisi rus olsun. Rus nə vaxtsa əl çəkə bilər. Yox, əgər, Azərbaycanlıya ilişibsə… Vay mənim halıma!”

Rusiyada yaşayan yazar Şahnaz Kamalova Azərbaycanlı xanımdan eşitdiyi bu fikirləri “Facebook”da status kimi qeyd etmişdi. Gəlin yazımıza başlar-başlamaz sözügedən statusa gələn rəylərə yüngülvari göz ataq:

- Elə beyinli qadını aldatmamaq günahdır Vallah. Hazır qoyundur, başqa nə söz deyəsən?

- Realist adamdır, niyə qınayırsan?

- Deməli, özlərinin saqqız olduqlarını qəbul edirlər...

- Çox maraqlıdır, kişilər o qadınlarda nə görürlər? onlardan ayrı qala bilməyib, ailələrini tərk edirlər!

- Onda olandan arvadında yoxdur?

Ən çox diqqətimi çəkənsə bir bəyin yazdığı şərh oldu:

- Görəsən, bizdə ərinin tək arvadı yox, həm də sevgilisi olmaq istəyən neçə qadın var?

Qəliz sualdır, həm qəlizdir, həm də ki, vacib!


***
Açığı, hərdən mənə elə gəlir ki, bizim qadınları kişilərin aldatmasına ehtiyac yoxdur. Belə ki, onlar özləri özlərini aldadırlar onsuzda.

Qadının xəyanətinə münasibət birmənalıdır: “Onu bağışlamaq olmaz!”. Bizdə ayağı sürüşən qadınları ən yaxşı halda boşayırlar. Başqa hallar da var ki, onları burda yazıb qanınızı qaraltmaq istəmirəm. Bəs yaxşı, qadınların xəyanətə münasibəti necədir? Başqa kişiylə yatan qadın fahişədir, başqa qadınla yatan kişi kimdir?

Ümumiyyətlə bizim qadınlarda Mazoxizmə meyl var! Xəyanəti bağışlamırlar. Ancaq bağışlamadıqları halda qan qusa-qusa yaşayırlar. Səbəb də nə qədər desən:

- Uşaqlar ortada qalacaq!

- Boşansam camaat mənə nə deyəcək!?

- Ərim olmasa mən neyləyərəm, harda işləyəcəm, mənə kim baxacaq?!


***

Deyirəm, bəlkə bir az düşünək? Bəlkə elə bu səbəblərdən məruz qalırıq xəyanətə? Vallah, hərdən özümü: “Niyə də kişilər bizi özünə əmin, maraqlı, baxımlı bir xanımla aldatmasın?”-deyə düşünməkdən saxlaya bilmirəm. Lütfən insanlıq, sədaqət, bəşəri ədalət tipli ibarələrlə özümüzü müdafiə etməyə qalxışmayaq. Kişiləri vicdansız elan edib onları sındırmağa çalışmayaq. Biraz da özünü tənqidlə baş-başa qalaq.


Kişilər gözəlliyə, şəfqətə, sevgiyə ehtiyac duyur əziz xanımlar!

Nə vaxta kimi bozbaş qoxusuyla qarşılayacaqsınız onları? Lütfən məni düzgün anlayın, məqsədim kişiləri haqlı çıxarmaq deyil, qadınları silkələməkdir. Bir dönün özünüzə baxın, həyat yoldaşınız üçün nə qədər maraqlı qalmısınız? Kişilərin qadınlardan gözləntiləri böyük olur və gözləntilər yerinə yetməyəndə onlar xəyanət silahına əl atmalı olurlar...


***

Bəs sən ey qadın, uşağa baxmaq, yemək bişirmək, hər gecə təkrarlanan boz, bomboz, fantaziyasız seks həyatından başqa gözləntilərin yoxdur bu həyatdan, ən əsası özündən? Yoxsa sən bu dünyaya ancaq ərə gedib, uşaq doğmaq, yemək bişirmək üçün gəldiyini düşünürsən? Qadın özünə robot kimi yanaşmamalıdır halbuki...


***

Sən bir qadınsan, bunu unutduğun gün ərindən sədaqəti də unut! Sevgili vaxtı yüz cilvə, bəzək-düzək, getmədiyi əyləncə qalmayan, evlənəndən sonra toydan-toya özünə əl gəzdirən qadın xəyanətə zəmin hazırlayır məncə. Özünü inkişaf etdirməyi bacarmayan qadın, daima cəmiyyət içində olan, müxtəlif təbəqələrdə püxtələşən kişi üçün gündən-günə maraqsızlaşır.


***

Mən bilmirəm gələcəkdə mənim həyat yoldaşım məni aldadacaq, yoxsa yox, amma mən buna özümü indidən hazırlamışam. Çıxış yollarımı da bilirəm. Əvvəl çalışacam ayrılam. Yox əgər görsəm ki, ayrılmaq mənə daha çətin olar, yəni mən ərimi o qədər sevirəm ki, ona bu xəyanəti də bağışlaya bilərəm, bax, onda əlavə problem yaradıb özümü alçaltmayacam. Ərimdən ayrılmamaq səbəbimsə qətiyyən uşaqlar, qohum-əqrəbanın, bütövlükdə cəmiyyətin qınağı ola bilməz. Uşağını fikirləşən ana sevmədiyi, bağışlaya bilmədiyi birisiylə yaşamaqdan aldığı əzabla, hər gün söz-söhbət, dava-dalaş içində böyüyən övladlarına psixoloji travma ötürməkdən qorxar!

***

Özünüzü sevin, xanımlar! İnanın ki, onda kişiləriniz də sizi sevəcək. Hələ yeri gəlsə öz həmcinsləriniz sizə qibtə, həsəd, çox zaman paxıllıq hissi ilə baxacaqlar.
Sizə isə düşən qələbənizdən həzz almaq olacaq...

 

Yazan: Aybəniz Alizadə