Musiqiylə Sevişən Sevdiyim!

Cavid Memmedli 29/08/2013

Təyin olunmuş görüş yerinə çatanda bir musiqi səsi duyur, bu piano idi. Bu musiqidə sevdiyinin toxunuşu, ruhu vardı... Oğlan həyatında sadiq qalacağı tək sevgilisi, musiqiylə sevişirdi sanki. Qızsa gözlədi... son nota qədər...

Qarmaqarışıq hisslərlə dolu yaz günü idi. Həmişəki kimi, qaçhaqovda işdən çıxıb oğlumu dərsdən götürməyə tələsirdim. Yolda bir kiçik qəza da keçirdim. Ağlamsındım, sanki sitəm etdim bir anlıq, içimdən sərhədsiz bir çığırtı qopdu... Elə bu çığırtıyla yenidən özümə gəldim, yoluma davam etdim. Tək dərdim oğlumun keçirəcəyi narahatlıq və qorxu idi. O, çox ürkək uşaqdır. Bir dəfə yenə unutduğum bir səbəbdən onu dərsdən götürməyə gedərkən gecikmək məcburiyyətində qalmışdım. Dərsi saat altıda bitirdi. Qış olduğundan hava tez qaralmışdı. Mən məktəbə çatanda qapıçıdan və ürkək baxışlarla məktəb qapısının pəncərəsindən ora-bura boylanaraq gözü anasını axtaran oğlumdan başqa bir kəs yox idi. Məni görcək yüyürə-yürürə boynuma sarılıb, “Ana, elə bildim gəlməyəcəksən”- deməsi hələ də qulaqlarımda cingildəyir, ölənə qədər dә bu cingiltini unutmayacağıma əminəm. Özümə bağışlaya bilmədiyim şeyləri heç vaxt unutmuram çünki...

Bu dəfə nə hava qaralmışdı, nə də qış günü deyildi. Həm də müəlliməsiylə danışmışdım, yanındaydı. Həmin gün sinif uşaqlarıyla Novruz bayramı keçirmişdilər. O, elə hey bayram şənliyi təәsuratından böyük şövq ilə danışır, mənsə onun “Ana, niyə gec gəldin..?” cümləsiylə həmin günə qayıtmışdım. sanki ondan üzr istəməyin, bağışlanmanın yolunu axtarırdım. Elə tapmışdım da. -Acsan? -Yox -Hmm, mən də bayram şərəfinə yaxınlıqdakı restoranların birində oğluma qonaqlıq verim demişdim...

Ona uşaq yox, bir şəxsiyyət kimi yanaşmam həmişə xoşuna gəlib. Uşaqlarla heç vaxt “uşaqsan, uşaq işinlə məşğul ol” tipli tərbiyə vasitəsini dəstəkləməmişəm. Bu səbəbdən o bütün uşaqlardan həmişə seçilib. Mədəni və fərqliliyi ilə. Bəlkə də mənim oğlumdur deyə, bu mənə belə gəlib.

-Hə, hə, ana, gedək xahiş edirəm.

Onun xoşuna gələcəyini və belə cavab verəcəyini bilirdim. Ana-bala türk restoranlarının birində söhbətləşə, deyə-gülə yeyib-içdik.

Evin yolunu tutub maşruta mindik. Budur, artıq evdəyik. Qonaqlarımız da var. Oğlumun nənəsi gözəl süfrə açıb, deyəsən elə doğurdan da qaynanam məni sevir.“Yeməyə indi başlamışıq, əl-üzünüzü yuyub gəlin süfrəyə” dedi. Qonaqlarımız da ərimin xalasıgildir. Çox mədəni, musiqiçi ailəsidirlər. Bu vaxt həyat yoldaşım da özünü işdən evə yetirdi. Hamımız bu şən söhbətli süfrə arxasında əyləşdik. Qaynanamın qayğı ilə “ye də, ye”, oğlumunsa kiçik ana-bala qonaqlığımızı danışıb “biz doymuşuq” deməsi və onların təbəssümü məni xoşbəxt edirdi. Bir ara öz fikrimdə bu qədər xoşbəxt ailəm olduğu üçün və doğru seçimimə görə özümlə qürur duydum. Mən xoşbəxtlik sözünün bütöv mənasında onun var oluşuna inanmıram. Bir qadın üçün uğurlu iş və sevgi dolu ailə onun adı, həyatda mövcud olmayan bir söz, məsələn, \"sqmbxot\" və ya \"xoşbəxtlik\" olması heç fərq etməz. Hər nədirsə, o məndə var.

Masanı yığışdırdıq və hamı yeməkdən sonra piano arxasına yığışdı. Xalamızın yoldaşı isə ifaya başladı. Hər kəs özünə əyləşəcək bir yer tapmışdı. Mən qaynanamın əyləşdiyi kreslonun, şıltaq uşaqlar kimi, böyür qolunda oturmuşdum. Həyat yoldaşımsa əlini çiynimə qoyub, musiqi sədəları altında baxışlarıyla məni süzürdü. Göz bəbəkləriylə üz-gözümə sığal çəkdiyini hiss edirdim sanki. Pianoda müxtəlif klassik müsiqilər ifa olunurdu, bayaqdan içimi didən bu qarmaqarışıq hisslərin nə olduğuna cavab axtarırdım... Kövrəlmişdim... Eyni zamanda ailəmlə xoşbəxtdim və beynimdə “Mən nəyi xatırlamaqda çətinlik çəkirəm?” sualı gəzişirdi. Son səslənən müsiqidə gözümdən iki damla yaş gəldi və axtardığım cavabı gözlərim üzümə tüpürürdü sanki... Bir zamanlar bir qız vardı... hər dəfə sevdiyi ilə görüşə gedəndə gözləri qızarmış və şiş olardı. Qorxulu heç nə yox idi, sadəcə uşaq vaxtı babasının hər söz verdiyi hədiyyəni səhər almağa gedəcəyini bildiyi zamanlardakı kimi sevincindən sabaha qədər yata bilmir, pır-pır edərdi ürəyi. Yenə böyük şövq ilə görüşə gedir, həmin məkana çatmazdan əvvəl sevdiyinin hər “Hardasan? Gəlmirsən?” sualında bir xoşbəxtlik yaşayırdı. Sanki daima əziyyətə alışmış qızcığaz xoşbəxt günlərin çox uzun çəkməyəcəyini bilirdi. Təyin olunmuş görüş yerinə çatanda bir musiqi səsi duyur, bu piano idi. Bu musiqidə sevdiyinin toxunuşu, ruhu vardı... Oğlan həyatında sadiq qalacağı tək sevgilisi, musiqiylə sevişirdi sanki. Qızsa gözlədi... son nota qədər... Daha sonra bir gün onu əlindən ala biləcək, o musiqi sevgisinin təsiri altında qəmgin düşüncə və sevincli səs tonu ilə “Mən gəldiiim” deyib boynuna sarılmışdı. Çox keçmədi, bəlkə də heç bir qadın sevgisinin edə bilməyəcəyini musiqi sevgisi etdi. Və o, nəinki o qızı, ona və özünə aid olan doğma-yad hər şeyi atıb musiqiyə sarılıb onunla uzaqlara getdi... Oğlan xoşbəxt oldu, seçimində heç təsüflənmədi (yəqin, belə görünürdü...), qızsa, hər gün musiqi səsi eşidəndə oturub ağlayırdı. Musiqi ona çox şey verdi, yeni qadın, övlad (uğur), arzusunda olduğu ölkələrdə gəzinti və daha nələr-nələr... Qıza isə bu ayrılıqdan qalan ancaq onu unutmaq və uğur qazanmaq əzmi oldu... Və artıq o uğuru qazanmışdı da. Gözəl ailəsi, sevdiyi işi, onu dəli kimi sevən həyat yoldaşı və övladı vardı.

Gecə düşmüş hər kəs yatağına çəkilmişdi. Bu hissləri xatırlamaq onu çox narahat etmişdi. Ona görə yox ki, həyatının böyük sevgisini unutmuşkən bir piano dili onu yenə alt-üst etmişdi... Ona görə ki, bambaşqa və bütünlüklə onu sevən ərinə xəyanət etmişdi, bu xatırlamayla sanki. Böyük sevgi və doğmalıqla ərinə sığınıb, dərin nəfəslə bütün qoxusunu içinə çəkərək onu tək anlayan və heç vaxt tərk etməyən sevgilisini məsumca boynundan öpüb sakit səs tonuyla “Səni sevirəm... bilirsən də...” dedi... Həmişə olduğu kimi o qadınını anlamışdı... Dərin düşüncə və qələbə hissi ilə onun saçlarından öpəndə qadın yuxuya getmişdi artıq... Bu yuxu özünə verdiyi bütün suallara cavab idi...

Oyananda hər şeyi anlamışdım. Naməlumluqla bitən sevgilərin, hekayələrin, filimlərin hamısının cavabını bir gün mütləq tapacaqsınız... O vaxt elə bir vaxt olacaq ki, axtarmaqdan yorulub, bezib, əl çəkdiyiniz, unutduğunuz gün sizinlə üz-üzə dayanıb, “Mən gəldiiim” deyәcək...

Yazan: Aybəniz Ali