BƏYANAT !

Cavid Memmedli 17/01/2014

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar bəyanatı;

24 il əvvəl törədilmiş 20 Yanvar faciəsi insanlığa qarşı yönəlmiş qatı cinayətdir. Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günüdür. Bütün cinayət hadisələri kimi, bu qanlı aksiyanın da sifarişçiləri və icraçıları vardı. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet dövləti tərəfindən rəvac verilməsi, Azərbaycana qarşı qərəzli mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirmişdi. Məhz xalqın etirazına cavab olaraq, sovet hökuməti Azərbaycanı cəzalandırmaq üçün bu qırğını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilmişdi. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçmiş, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıtmışdı. Stavropol, Rostov və Krasnodardan erməni əsilli zabit və əsgərlər hərbi əməliyyatlara cəlb edilmişdi. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulmuşdur. Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Ölçüyəgəlməz dağıntılar törədilmiş, yüzlərlə silahsız, sülhpərvər insan, o cümlədən yaşlılar, qadınlar, gənclər və uşaqlar xüsusi qəddarlıqla, qətlə yetirilmiş, şəhərin küçələri qana qərq olmuşdu. Qoşunun şəhərə daxil olması barədə rəsmi məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı “Alfa” qrupunun təşkil etdiyi əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı. Azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün cəsədləri belə məhv edirdilər. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunmuşdu. Azğınlaşmış hərbçilər bu fəlakətli gecədə mərhəmət hissini tamamilə unudaraq, ağır yaralıları yerindəcə güllələyir, ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdü. Yaralıları çıxaran təcili tibb yardımı maşınlarına və həkimlərə də atəş açılmış, tibb işçiləri də yaralanmış, şəhid olmuşdur. Öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhali qoşun birləşmələri tərəfindən gülləbaran edilmiş, lakin bu hadisə xalqımızın iradəsini qıra bilməmiş, bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqillyini yenidən əldə etməsi ilə nəticələnmişdir. Sovet dövləti beynəlxalq hüquq normalarını pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, soydaşlarımızın bir milyon nəfəri qaçqına və öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilmişdir. Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etmişdi. Həmin tarixi Milli Matəm günü kimi elan etmiş Ümummilli liderin təşəbbüsü ilə ilk dəfə olaraq Milli Məclis tərəfindən bu hadisəyə rəsmi siyasi - hüquqi qiymət verilmişdir. Faciə qurbanları Bakıda və respublikamızın müxtəlif bölgələrində
müqəddəs and yerinə, ziyarətgaha çevrilmiş Şəhidlər xiyabanlarında uyuyur. Xalqımız həlak olmuş oğul və qızlarının milli azadlıq mübarizəsini yüksək dəyərləndirərək onların məzarlarını ehtiramla yad edir. 20 Yanvar -- Ümumxalq Hüzn günü respublikamızda hər il qeyd edilir. Bu günlərdə “20 yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiqlənmişdir. Həmin plana əsasən, respublikanın bütün şəhər və rayonlarında toplantı, konfrans və mühazirələrin təşkil olunması, müvafiq tamaşaların, filmlərin nümayişi, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, tədris müəssisələrində xüsusi dərslər keçirilməsi nəzərdə tutulmuşdur. Qanlı hadisə zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən, «20 Yanvar şəhidi» fəxri adı verilmiş, «1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında» müvafiq Sərəncama əsasən, həmin şəxslərə verilən aylıq müavinətin məbləği artırılmışdır. Bu şəxslərə müvafiq müavinət nəzərdə tutulur, həmçinin həmin ailələrə ölkə başçısının müvafiq Fərmanı ilə Prezident təqaüdü verilir. Dünyanın aparıcı mətbuat orqanlarında da bu faciə ilə bağlı yazılar dərc edilməkdədir. 
ABŞ-ın “The Daily Caller” qəzetində Endryu Langerin “Qara yanvar...” adlı məqaləsində “rus ordusunun dinc vətəndaşları qırğına məruz qoymasının qürurlu Azərbaycan xalqının müstəqillik əldə
etmək arzusuna mane ola bilmədiyi” vurğulanmışdır.
Los Ancelesdəki nüfuzlu ”PR Newswire” xəbərlər şəbəkəsində verilmiş məqalədə silahlanmış sovet qoşunlarının həmin gün 150-dək günahsız insanı vəhşicəsinə qətlə yetirməsi haqqında məlumatlar öz əksini tapmışdır.
"Centreline" jurnalında Faruk Riaz Çoudrinin "20 yanvar 1990 - Azərbaycanlıların dəhşətli günü" adlı məqaləsində sovet ordusunun böyük kontingentinin silahsız insanlara qarşı törədilmiş vəhşiliklər barədə bəhs olunmuşdur. Bu aksiyanın insan hüquqlarına dair beynəlxalq norma və prinsiplərlə ziddiyyət təşkil etdiyi vurğulanmışdır.
Pakistanda nəşr olunan, “Daily İttehad” və “The News” qəzetləri isə 20 Yanvar qətliamına xüsusi səhifələr həsr etmişdir. Dünyanın, o cümlədən Avropanın bir çox ölkələrindəki diaspor təşkilatlarımız dünya ictimaiyyətinin diqqətini bu faciəyə, ümumən Azərbaycan həqiqətlərinə yönəldilir. ABŞ-da fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları bu hadisə ilə bağlı Konqresə müraciət kampaniyasına başlamış, ABŞ Konqresinin üzvləri və beynəlxalq media qurumları faciə qurbanlarının xatirəsini anmağa çağırmışdır. Belçika Azərbaycanlıları Cəmiyyəti Brüssel şəhərində tədbirlər keçirmiş, məlum hadisələr barədə məlumatları dünya ictimaiyyətinə çatdırmışlar. Bolqarıstan, Monteneqro, Misir, İordaniya və digər ölkələrdə, həmçinin Fransanın Strasburq və Rusiya Federasiyasının bir çox şəhərində diaspor təşkilatları tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimləri keçirilmişdir. 20 Yanvar 1990-cı il tarixdə dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur. Kütləvi insan itkisi ilə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir. Lakin bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Beynəlxalq hüquqa əsasən insanlıq əleyhinə cinayətin bütün əlamətlərini özündə əks etdirən bu hadisə insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə törədilmişdir. Ümid edirik ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaqdır.

Elmira Süleymanova
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
16 yanvar 2014-cü il

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmışdır.