Nə etmək istəyirsiniz?

Cavid Memmedli 29/01/2015

Kimi aldadırsınız?

Nəyə görə yazırsınız?

Kim üçün yazırsınız?

Pul qazanmaq istəyirsiniz?

Sonuncu dəfə  dəfə Nəsib bəy Yusifbəylinin nazir olduğu halda  atasından pul alıb ailəsini saxladığını, cibində pulu olmadığına görə Tiflisdə Rəsulzadənin qaldığı otelin pulunu ödəyə bilməməsini eşitdikdən sonra pulun da dəyəri itmişdi gözümdə, ya da Yunus demişkən “Yoxsulluq qorxusuyla ömürü sərvət üçün xərcləyəndə görmüşdüm kasıbçılığın  özünü, çevirmişdim üzümü”. Solçular da artıq Gramşiyə inanmır, nə də Merkel Yunanıstanın sosializmini Alman hesabına qatmır, yazıq necə qatsın, sonuncu dəfə Putinin gərdək jestindən sonra gözü kəlləsinə çıxmışdı. Ümidsizlik yaratmaq istəmirəm, amma həqiqətən cəmiyyət buxarlanıb, hər həftə yeni bir mövzu ortaya atmaqla kimi aldadırsınız, ya da kimi aldatmaq istəyirsiniz? Gözümüzü durmadan pərdələdiyiniz ədəbi cərəyanlarınızla nə demək istəyirsiniz? ...qəbul edin - artıq postmodernizm də bitib...

Planşet  üçün həsrətlə yaşayan bir uşaq üçün Abdulla Şaiqin “Uşaq və buz”u da maraqsızdır. İpoteka ilə ev almağı planlaşdıran bir gəncə Ramiz Rövşənin romantikası da süni gəlir. Diplomları evdə tozlanan gəncə  yeni programlar da vaxt itkisidir...

Qarşıda böyük sual var. Nə edək bəs?

Hardan başlayaq, nəyi, necə  formalaşdıraq? Çətin sualdı hə? Amma siz də, mən də unutmamalıyıq ki, hər çətinliyin öhdəsindən gələ bilməyəcək gənclik deyilik biz.

Ədəbiyyatımız 2-3 sayt, 2 kitab evi və 1 nəşriyyatla boğulur... Ev  kirayəsini ödəmək üçün məqalə yazmaqla ədəbiyyat formalaşmayacaq axı, kim qınanmalı?... Heç kim heç kimdən heç nə tələb edə bilməz. Oxucu nə tələb edə bilər axı? Oxucu hardan bilsin ki, texnologiya əsrində şairin arvadı əllə paltar yuyur, Dostoyevski necə doğulsun bizdə? Hansı nəşriyyat əvvəlcədən pul verir?... Oxucu hardan bilsin şair itmiş telefonuna görə status yazıb... Vəziyyətinin bu qədər acınacaqlı olduğunu  oxucu hardan bilsin... Riyaziyyat müəlliminin dərsdən sonra qoyun otardığını görən şagird  səncə müəllim olmaq istəyər?

Hansı avtobus şoferi plan üçün sizin rahatlığınızı fikirləşər?

Hansı  tələbə qonorar olmayan yerdə elmi əsər yazmaq istəyər?

Hansı uşaq vətənpərvər olmaq istəyər?

Yoxsulluq axı vətənə sevgini azaldır...

Hamımız bilirik ki, heç kim asanlıqla uğur qazanmır, hamı mərmər cırmaqlamaqla nələrəsə nail olur...

Alternativ bir yol fikirləşməliyik, ya da kütləvi şəkildə intihar etməliyik...

TV-dən ümumiyyətlə danışmağın adı yoxdur... Gözümü açandan ekspert qismində ekrana çıxanların hamısı BİZDƏ FİLAN PROBLEMLƏR VAR DEYİR... Onu hamı bilir, həll yolu göstərin, göstərmirsinizsə çıxmayın o efirə... Mühakimələrinizi boğun, artıq boğa bilmirsinizsə, boğanlara verin boğsunlar. Hamı pafoslu nitqlərlə danışır, boş vədlərə inanmaqdan yoruldu  xalq, bizə cəmiyyəti formalaşdırmaq üçün nəzəriyyə lazımdı, hardadır bu nəzəriyyə, niyə hazırlanmır? Qarışıq sətirlərlə fikrimi çatdırmağın da tək bir səbəbi var - sizin bu sətirlərdə özünüzü görməyiniz. Üstün cümlə formatlarından istifadə etməklə, səviyyəli bir yazı təqdim edə bilərdim. Amma cəmiyyət  pafoslu, məcazlı yazılara doyub. Təəssüf ki  reallıq bu yazıdakı kimi sərt və kobuddur.

Deyəcəksiniz ki, mühakimə edən olaraq sən neynəmisən?

Mən sizin kimi problem göstərən link deyiləm.  Digərləri kimi problem göstərməklə özümü sığortalamaq istəmirəm. Sadəcə mən qəhrəman gözləmirəm, qəhrəman olmağa cəhd edirəm. Kiçik ola bilər, yaxud görünməyə bilər, amma böyük problemlərin həlli də kiçik problemlərin həllindən keçmirmi?! Qəhrəman olmağa cəhd iddialı səslənir,  tarix boyu hər kəs qəhrəman olsa tarixi kim yazacaqdı deyəcəksiniz? Elə məsələ də qəhrəman olmaqda yox, qəhrəman olmağa cəhddədir. Sözüm o ki, hər kəs öz işini lazımi şəkildə görsün.

Yazan: Hacıağa Aliyev